REGİONLAR
Şəhid Dünyamin Tağızadənin oxuduğu məktəbdəki sinif onun adını daşıyacaq VİDEO
Beyləqan, 29 mart, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqan rayonu 6 nömrəli tam orta məktəbdə şəhid Dünyamin Tağızadənin adını daşıyacaq sinif otağının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şagirdlərin ifasında Vətənə və qəhrəmanlara həsr edilən şeirlər səsləndirilib. Çıxış edənlər şəhidlərimizin keçdikləri qəhrəmanlıq yollarından danışıblar. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalanlar sırasında Dünyamin Tağızadə də yer alır. Onun qısa və şərəfli ömür yolundan döyüşlərdə göstərdiyi şücaətdən danışanlar qeyd ediblər ki, Dünyamin 2001-ci il yanvarın 21-də Beyləqan rayonunda dünyaya göz açıb. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən Dünyamin gələcəkdə hərbçi olmaq istəyib. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan D.Tağızadə kəşfiyyatçı kimi Vətənin keşiyində dayanıb. İyul hadisələri zamanı düşmən təxribatının qarşısının alınması zamanı şücaəti ilə seçilib. Xidməti dönəmində fəxri fərmanla təltif edilib. Dünyamin könüllü olaraq müddətdən artıq xidmətçi kimi ordu sıralarında qalıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı döyüşə ilk atılanlar sırasında yer alıb. Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlər zamanı bir çox uğurlu tapşırıqların yerinə yetirilməsində və cəbhənin yarılmasında iştirak edib. Yaralı döyüş yoldaşlarını xilas etdikdən sonra yenidən döyüşlərə qoşulub. Sentyabrın 30-da gərgin döyüşlər zamanı Dünyamin qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Dünyamin Tağızadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.