REGİONLAR
Şəhid Elçin Nəsirovun xatirəsi anılıb VİDEO
Füzuli, 15 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Elçin Nəsirovun ad günündə xatirəsi anılıb. Şəhidin 34 yaşının tamam olması münasibətilə keçirilən mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, məktəb və bağça kollektivi, Qarabağ müharibəsi qaziləri və Əhmədalılar kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin məzarı ziyarət olunub, üzərinə gül çiçəklər düzülüb, ruhuna dualar oxunub. Daha sonra şəhid Elçin Nəsirovun adına inşa olunan bulaq ziyarət edilib. Məktəblilər Vətənə, qəhrəmanlara həsr edilən şeirlər səsləndiriblər. Çıxış edənlər Elçinin həyat yolundan, vətənpərvərliyindən söhbət açıblar. Bildirilib ki, Nəsirov Elçin Ramiz oğlu 1988-ci il yanvarın 13-də Füzulinin Əhmədalılar kəndində anadan olub. Hələ azyaşlı vaxtlarından hərbçi olmağı arzu edib. Əsgərliyini ön cəbhədə keçən Elçin xidmətini fəxri fərmanlarla bitirib. Aprel döyüşlərindən sonra ordu sıralarında müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. Hərb sirlərinə peşəkarcasına yiyələn Elçin kəşfiyyatçı snayperçi olub. Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib. Açdığı dəqiq atəşlə düşmənin xeyli qüvvəsini məhv edib. Elçin Nəsirov oktyabrın 25-də Füzuli ərazisində Qorqan istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Elçin Nəsirov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.