REGİONLAR
Şəhid Elçin Süleymanovun xatirəsi anılıb VİDEO
Füzuli, 1 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Elçin Süleymanovun ad günündə xatirəsi anılıb. Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Süleymanov Elçin Tehran oğlunun anım günündə şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Elçinin döyüş yoldaşları, kəndin tam orta məktəb və bağça kollektivləri, qazilər, kənd sakinləri iştirak ediblər. Ömrünü Vətənə həsr edən qəhrəman şəhidin məzarına düzülüb, şəhidlərimizin xatirəsi sükutla anılıb.
Sonra Elçinin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Süleymanov Elçin Tehran oğlu 1991-ci il noyabrın 29-da Böyük Bəhmənli kəndində anadan olub. Uşaq yaşlarından hərbçi olmağı arzulayan Elçinin ən böyük istəyi tankçı olmaq idi. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan Elçin xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq hərbçi kimi ordu sıralarında Vətənin keşiyində dayanıb. O, uşaqlıq arzusuna çataraq peşəkar tankçı olub, xidmətə davam edib. Vətən müharibəsinin ilk günündə düşmənə sarsıdıcı zərbələrin vurulmasında və sədlərin yarılmasında Elçin və yoldaşları böyük şücaət göstəriblər. Onların tankı vurulsa da, dayanmayıb, irəli gediblər. Düşmən tərəfindən açılan növbəti atəş zamanı tank yararsız hala düşüb və heyət üzvlərini yaralı görən Elçin döyüş yoldaşlarını xilas edib.
Döyüşlərin ilk üç günündə Elçin torpaqlarımızın azadlığı uğrunda əsl qəhrəmanlıq nümayiş etdirib. Sonuncu dəfə qardaşı ilə danışan qəhrəmanımız “qələbə bizimlədir, hər şey yaxşı olacaq. Artıq Vətən həsrətinə son qoyulacaq” deyib. Belə də oldu... Amma Elçin özü sentyabrın 30-da gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.
Qeyd edək ki, Elçin Süleymanov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəli idi, bir qız övladı yadigar qalıb.