REGİONLAR
Şəhid Elməddin Bədəlovun son sözləri: Yenə canım olsaydı, onu da Vətənim üçün fəda edərdim...VİDEO
Füzuli, 16 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsinin 20 yaşlı qəhrəmanı şəhid Elməddin Bədəlov döyüşlərdə göstərdiyi qəhrəmanlığı ilə seçilib. O, düşmən sədlərinin yarılmasında fəal iştirak edib və cəbhədən gələn ilk qələbə xəbərində onun da payı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əslən Füzuli rayonunun Kərimbəyli kəndindən olan Elməddin Dəyanət oğlu Bədəlov 2000-ci il martın 3-də Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayan Elməddin vətənpərvərliyi ilə seçilib. Gələcəkdə hərbçi olmaq onun ən böyük arzusu idi. İdmana da marağı olan Elməddin güləş idman növü üzrə uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə də sevinclə yola düşən Elməddin xidmətini ön cəbhədə yerinə yetirib.
Hərbiyə marağı olduğu üçün Elməddin müddətdən artıq xidmətçi kimi yenidən Vətənin keşiyində dayanır. Vətən müharibəsində bir çox tapşırıqların uğurlu yerinə yetirilməsində fəallıq göstərir. O, kəşfiyyatçı kimi düşmənin arxasına keçərək təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib. Sentyabrın 29-da şəhid olarkən dediyi söz isə belə olub: “Yenə canım olsaydı, onu da Vətənim üçün fəda edərdim...”.
Elməddin Bədəlov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.