Şəhid Elvin Məlikovun ailəsi ziyarət edilib
AzerTAg.az
Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnfrastruktur Mərkəzinin direktoru Azər Məmmədov Bakının Ramana qəsəbəsində şəhid Elvin Məlikovun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhid Elvin Məlikovun Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimiz kimi, Elvin Məlikovun da xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı, onun ailəsinin bundan sonra da həmişə qayğı ilə əhatə olunacağı diqqətə çatdırılıb.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində 3 otaqlı mənzillə təmin olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib, digər sosial dəstək tədbirləri ilə də əhatə olunub.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində şücaətlər göstərən Elvin Məlikov Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Xəbərin mətnində orfoqrafik səhv var