REGİONLAR
Şəhid Elvin Rəhimovun təltif edildiyi orden və medallar ailəsinə təqdim olunub VİDEO
Füzuli, 9 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Ordusunun baş leytenantı Elvin Rəhimovun ölümündən sonra təltif edildiyi “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ailə üzvlərinə təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarından olan baş leytenant Elvin Rəhimovun təltif edildiyi orden və medalların təqdimetmə mərasimi onun məzarı yanında keçirilib. Görüşdə şəhidin ailə üzvləri, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları və Elvinin xidmət etdiyi N saylı hərbi hissənin zabitləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub. Çıxış edənlər 44 günlük Zəfər yürüşündən və şanlı Qələbədən danışıblar. Diqqətə çatdırılıb ki, qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmaqla 30 illik Vətən həsrətinə son qoydular. Onlar həm də gələcək nəsillərə əsl vətənpərvərlik salnaməsini yadigar qoymaqla, əbədiyaşar qəhrəmanlara çevrildilər.
Qeyd edilib ki, Elvin də belə qəhrəmanlardandır. Onun şərəfli ömür yolundan danışanlar bildiriblər ki, Elvin 1991-ci il noyabrın 20-də Füzuli rayonunun Zərgər kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından hərbçi olmaq arzusu ilə yaşayıb. Orta məktəbi bitirdikdən sonra ali hərbi məktəbə qəbul olan Elvin leytenant kimi xidmətə başlayıb. Ötən il sentyabrın 27-də erməni hərbi birləşmələrinin təxribatına qarşı əks-hücum əməliyyatında ilk döyüşə atılanlardan olub. Füzulidən Şuşaya qədər döyüş yolu keçən Elvin qəhrəmanlığı ilə seçilib. Noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
O, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Elvinin təltif olunduğu orden və medallar onun məzarı yanında ailə üzvlərinə təqdim olunub.