REGİONLAR
Şəhid Həsənqulu Qasımovun xatirəsi təhsil aldığı Qubadlı məktəbində anılıb
Sumqayıt, 13 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayon Qara İlyasov adına 1 nömrəli orta məktəbdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan bölük komandiri Həsənqulu Qaçay oğlu Qasımova həsr olunmuş “Həsən Qorxmaz dastanı” adlı ədəbi-bədii gecə keçirilib. Şəhidin təhsil aldığı məktəbdə təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və Həsənqulu Qasımovun ailə üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatları Şərqiyyə Ziyadqızı və şair-publisist Elburus Qayalı çıxış edərək, göstərdiyi igidliyə görə hərbçi yoldaşları arasında Həsən Qorxmaz ləqəbi qazanan Həsənqulu Qasımov haqqında ətraflı məlumat veriblər.
Daha sonra şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub. Mahmudlu kənd mədəniyyət evinin bədii-qiraət dərnəyinin üzvlərinin ifasında Həsən Qorxmaza ithaf olunmuş şeirlər, Məzahir Məmmədov, Turanə Tarverdiyeva, Şahin Qaçaylının ifasında muğam parçaları dinlənilib.
Sonda şəhidin qardaşları çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından təşəkkürlərini bildiriblər.