REGİONLAR


Şəhid İsrafil Quliyevin Şuşadakı məzarı 30 ildən sonra ailəsi tərəfindən ziyarət olunub VİDEO

Şuşa, 21 may, Tahir Ağaməmmədov, AZƏRTAC

İllərdir şəhid qəhrəmanlar haqqında çəkilişlər edən Azərbaycan Televiziyasının Qarabağ bölgəsindəki teleoperatoru Elgün Qənbərov bu dəfə 30 il əvvəl Şuşada dəfn etdikləri şəhid qardaşını lentə alıb. O, anası Fatma Qənbərova və qardaşı Elçin Qənbərovla birlikdə qardaşı İsrafil Quliyevin məzarını ziyarət edib.

AZƏRTAC-ın bölgə müxbirinin Şuşa şəhərinə səfər təəssüratlarını təqdim edirik.

Avtomobilimiz Zəfər yolu ilə işğaldan azad edilmiş Şuşa şəhərinə doğru irəliləyir. Şəhid anası Fatma xanım həyəcanlıdır. Çünki 30 ildir ən böyük arzusu doğma şəhərinə qayıtmaq və şəhid oğlunun məzarını ziyarət etmək idi. O, bu gün istəyinə çatırdı. Yolboyu şuşalı günlərindən, həyat yoldaşı ilə birlikdə oğlu İsrafilin məzarını sonuncu dəfə ziyarət etməsindən danışırdı. Şuşaya yaxınlaşdıqca onun həm sevincli, həm də kədərli anlar yaşadığının şahidi olurduq. Nəhayət Şuşa şəhərinə çatırıq. Fatma Qənbərova şəhid oğlunun məzarını sonuncu dəfə 30 il əvvəl Şuşadan çıxdıqları gün ziyarət etmişdi. Elə 30 il sonra doğma yurdlarına dönərkən ilk ziyarət etdikləri məkan da oğlunun məzarı oldu. Dağılmış məzarlar arasında oğlunun qəbrini tapmaq ana üçün çətin olmadı.

“Gecə səhərəcən yatmadım. Dedim İsrafil yolumu gözləyir. Yoldaşım deyirdi ay Allah, mənə möhlət ver gedim Şuşanı görüm, şəhid oğlumun qəbrini görüm, sonra ölüm. Allah ona qismət eləmədi, amma mənə qismət elədi. Həmişə yuxuda görürdüm, yalvarırdım ki, İsrafil, gəl. Deyirdi ki, ana görmürsən türmədəyəm..? Baxırdım ki, pəncərənin qarşısına qalın dəmirlər vurublar. Həmişə elə görürdüm yuxuda”, – deyə şəhid anası bildirir.

Şuşa azad olunduqdan sonra Elgün Qənbərov dəfələrlə öz peşəsini yerinə yetirmək üçün Şuşada olub. Hər dəfə bura gələndə qəbiristanlıqda qardaşının məzarını axtarıb. Mənfur düşmən digər qəbirlər kimi, onun da qardaşının məzarını tanınmaz hala saldıqları üçün onu tapa bilməyib, təəssüf hissi ilə geri qayıdıb. Nəhayət ki, Şuşaya qayıtmaq arzusu kimi, qardaşı İsrafilin məzarını tapıb ziyarət etmək də ona nəsib oldu.

Elgün Qənbərov deyir ki, Şuşa azad olunduğu üçün, həmçinin 30 ildən sonra ziyarət edildiyi üçün şəhid qardaşının da ruhu şaddır: “Hər dəfə şəhidlər haqqında çəkiliş edəndə öz qardaşım gəlib gözümün qabağında dururdu. 30 illik həsrət var idi aramızda... 30 ildir biz gəlib onun qəbrini ziyarət edə bilmirdik. Amma hər dəfə şəhid haqqında süjet çəkəndə elə bilirdim ki, öz qardaşımı çəkirəm. Fərqi yoxdur, şəhidlərin hamısı bizim qardaşımızdır. Allah onlara rəhmət eləsin. Onların sayəsində biz buradayıq. Allah qazilərə də şəfa versin”.

Elçin də şəhid qardaşı haqqında məlumat verərək dedi ki, İsrafil 1971-ci il avqustun 12-də Şuşa şəhərində doğulub. Hərbi xidmət yaşı çatanda Gəncədəki hərbi hissələrin birində xidmətə yollanıb. Bir il 1 ay xidmət keçdikdən sonra hərbi tapşırıqla Əsgərana gəlib. 1991-ci il martın 14-də ermənilərin pusqusuna düşərək, aldığı güllə yarasından şəhid olub. “Qardaşımı Şuşa qəbiristanlığında dəfn elədik. 1992-ci ildə məlum səbəblərlə əlaqədar köçkün düşərək Ağcabədi rayonunda məskunlaşdıq. Qardaşımın il mərasimini də orada keçirdik. Neçə illərdir biz bu günün həsrətində idik. Şuşa həsrəti, məzarlarımızın ziyarəti həsrəti qəlbimizdə qalmışdı. Çox şükür ki, Ali Baş Komandanın, qalib Ordunun göstərdiyi şücaət nəticəsində torpağımıza gələ bildik”, - deyə o əlavə edib.

Bəli, 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızla bərabər əsirlikdə qalan şəhid məzarları da azadlığa qovuşdu. Qalib Ordumuz torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızın da qisasını aldı. Bu gün illərdir narahat olan şəhid ruhları da şaddır. Allah şəhidlərimizə rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.