REGİONLAR


Şəhid Məhəmmədəli Həsənzadənin xatirəsi anılıb

Sumqayıt, 4 may, Ətrabə Rzayeva, AZƏRTAC

Şəhid Məhəmmədəli Həsənzadə yaşasaydı, 22 yaşı tamam olacaqdı. Qəhrəmanımızın doğum günü ilə əlaqədar Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatı birgə anım tədbiri keçiriblər.

AZƏRTAC xəbər verir ki, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş üzrə şöbəsinin müdiri Emin Əliyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, şəhidin döyüş yoldaşları əvvəlcə Məhəmmədəli Həsənzadənin ailəsi ilə görüşüblər.

Sonra şəhidin xatirəsinə həsr olunan barelyef açılıb.

Daha sonra Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Çıxışlarda vurğulanıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daim yüksək olması nəticəsində torpaqlarımız düşməndən azad edildi. Hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Müzəffər Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkün olub. Ölkəmizdəki xalq-iqtidar-ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. Prezident İlham Əliyevin “dəmir yumruğu” tarixi ədaləti bərpa etdi.

Daha sonra şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qubadlı rayonunun Qilican kəndinin sakini Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2016-cı ildə Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin Biznesin idarə edilməsi fakültəsinə daxil olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən Məhəmmədəli Həsənzadə əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonu ərazisində döyüşüb. Noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.