REGİONLAR


Şəhid Orxan Rəhimlinin xatirəsi anılıb

Sumqayıt, 21 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu şəhid Orxan Elxan oğlu Rəhimlinin doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri Allahverdi Haqverdiyev, Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, şəhidin yaxınları və döyüş yoldaşları, eyni zamanda, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.

Sonra tədbir Sumqayıt şəhərində yerləşən Nəriman Nərimanov adına Mədəniyyət mərkəzində davam edib.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxışında qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “Dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti sayəsində ermənilərin və havadarlarının bölgədəki siyasəti iflasa uğradı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, 44 günlük Vətən müharibəsindən danışaraq, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdırıb, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu söyləyib.

Sonra çıxış edən şəhidin müəllimi Güllü Məmmədova Orxanla bağlı xatirələrini bölüşüb.

Şəhidin atası Elxan Rəhimov, əmisi Rəhimov Rövşən, anası Pərvanə Rəhimova göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Şəhid Orxan Rəhimli İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının azad olunmasında iştirak edib. 2021-ci il iyunun 28-də Laçın rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Laçın və Füzuli rayonlarının azad olunmasına görə medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.