CƏMİYYƏT
Şəhid Rəşad Mehdiyevin adına inşa edilən bulaq istifadəyə verilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Vətən müharibəsi şəhidi, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşı olmuş Rəşad Mehdiyevin adına Xırdalan şəhərində inşa edilən bulağın açılışı olub.
Bulağın açılış mərasimində şəhidin yaxınları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, EHİM-in direktoru Fariz Cəfərov, şəhidin döyüş yoldaşları, EHİM-in əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər şəhidimizlə bağlı xatirələrini bölüşüb, göstərdiyi qəhrəmanlıqlar və keçdiyi döyüş yolu haqqında söhbət açıblar.
Qeyd edək ki, şəhid Rəşad Mehdiyev EHİM-də təcrübə keçib. 2019-cu il noyabrın 19-dan etibarən isə Mərkəzin Data laboratoriyası departamentinin Data mühəndisliyi şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
Hazırda Rəşad Mehdiyevin işini EHİM-də işə başlayan qardaşı Cümşüd Mehdiyev davam etdirir.
Ötən il sentyabrın 29-dan Vətən müharibəsinə qatılan Rəşad Mehdiyev oktyabrın 20-də “Ərgünəş” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
EHİM şəhidin xatirəsini yaşatmaq məqsədilə bir sıra tədbirlər görüb. Elektron Hökumətin İnkişafı Mərkəzinin Konfrans zalı şəhid Rəşad Mehdiyevin adını daşıyır. Mərkəzdə şəhidə həsr edilən guşə yaradılıb.
Şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə EHİM şahmat turnirini təsis edib. 2021-ci ildə ilk dəfə keçirilən turnirin hər il keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “ASAN xidmət”in 39 əməkdaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulub, onlardan iki nəfəri şəhidlik zirvəsinə yüksəlib.