CƏMİYYƏT


Şəhid Rəşad Mehdiyevin xatirəsinə şahmat turniri keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 21-dən 23-dək Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən şəhidimiz Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

EHİM-in Data laboratoriyası departamentinin əməkdaşı olmuş Rəşad Mehdiyev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, EHİM-in inzibati binasında və əməkdaşlar arasında baş tutan turnirin birinci mərhələsi İsveç üsulu ilə təşkil edilib və bu turda ən yüksək xal toplamış 10 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Final mərhələsində iştirak etmiş 10 nəfər dairəvi üsulla ümumilikdə 9 görüş keçirib. Turnirdə 8 xal toplamış Bəxtiyar Məmmədov 1-ci, 7 xal toplamış Məmmədcamal İsmayılzadə 2-ci, 6,5 xal toplamış Ümid Süleymanov 3-cü yerləri tutublar. Qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar.

Turnirin mükafatlandırma mərasimində şəhidimizin atası Rəhman Mehdiyev, anası Yeganə Mehdiyeva, qardaşı və digər ailə üzvləri iştirak ediblər. Mərasimdə şəhidimizin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra EHİM-in direktoru tərəfindən Rəşad Mehdiyevin adına onun ailə üzvlərinə Fəxri fərman təqdim edilib.

Şəhidimizin ailə üzvləri Mərkəzin inzibati binası ilə tanış olarkən Rəşad Mehdiyev adına konfrans otağı, eləcə də onun çalışdığı departamentdə iş otağında olublar.

EHİM tərəfindən şəhid Rəşad Mehdiyevin adının əbədiləşdirilməsi məqsədilə şahmat turnirinin hər il keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.