Şəhid Rəşad Quliyevin ailəsi ziyarət olunub
AzerTAg.az
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi “Əbədiyaşar şəhidlərimiz” adlı layihə icra edir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarına qatılan və misli görünməmiş qəhrəmanlıqlar göstərən igidlərimizdən biri olan şəhid polkovnik-leytenant Rəşad Quliyev barəsində “Canavarın son döyüşü” adlı film çəkilir. Bu ad təsadüfi seçilməyib. Rəşad Quliyev cəsarəti, qorxmazlığı, qəhrəmanlığı, təkbaşına bir çox əməliyyatları uğurla yerinə yetirdiyinə görə döyüş yoldaşları ona “canavar” deyirdi.
Novruz bayramı münasibətilə layihə rəhbəri Məlahət Abdullyeva və layihədə könüllü kimi iştirak edən “Türk Dünyası Turan Düşüncə Mərkəzi “İB İdarə Heyəti üzvü və “Əlillər Dünyası” qəzetinin baş redaktoru Tahir Xudiyev şəhid Rəşad Quliyevin ailəsinə baş çəkiblər. Onlar ailə üzvləri ilə birgə Rəşad Quliyevin keçdiyi şərəfli həyat və döyüş yolları barədə söhbət edib, şəhidin xatirəsini ehtiramla anıblar.
Rəşad Quliyevin anası Mətanət oğlunun xatirəsini daima əziz tutan hər bir kəsə təşəkkürlərini bildirib.



Xəbərin mətnində orfoqrafik səhv var