MƏDƏNİYYƏT
Şəhid Şahgündüz Cabbarova həsr olunmuş kitab kitabxanaya təqdim olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına şəhidin atası tərəfindən şəhid Şahgündüz Cabbarova həsr olunmuş "Gözləyin dağlar, gəlirəm" adlı kitabın nüsxələri təqdim olunub.
Kitabxanadan AZƏRTAC xəbər verir ki, kitabda şəhidin ömür yolu geniş şəkildə oxuculara təqdim edilir.
Əslən Laçının Oğuldərə kəndindən olan Şahgündüz Habil oğlu Cabbarov 1995-ci ildə Bərdə rayonunun Mollalı kəndində məcburi köçkün ailəsində anadan olub. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı göstərdiyi nizam-intizama görə Fəxri fərmanla təltif edilib. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayıb.
Tovuz döyüşlərindən sonra hərbi komissarlığa gedərək adını könüllü kimi qeyd etdirib. Oktyabr ayının birində cəbhəyə yola düşüb. İlk döyüşlərdə pulemyotçu kimi iştirak etsə də, sonradan öz istəyi ilə xüsusi təyinatlıların həmlə taboruna keçib. Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub. Şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.