REGİONLAR
Şəhid Şirxan Quliyevin xatirəsi anılıb
Beyləqan, 3 sentyabr, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon Muğanlı kənd sakini Quliyev Şirxan İsmixan oğlunun doğum günü onun dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anılıb. Tədbirdə Xocavənd rayon ictimaiyyəti ilə bərabər, Bakı, Qəbələ, Ağcabədi və Beyləqandan gəlmiş şəhid ailələri də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirələrinə ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələrinə dualar oxunub.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid Şirxan Quliyevin şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verib.
Bildirilib ki, hələ uşaqlıq dövründən vətənpərvərliyi ilə fərqlənən Şirxan orta təhsilini başa vurduqdan sonra Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Xidmətini başa vursa belə, Vətən həsrəti onu yenidən ordu sıralarında xidmət etməyə vadar edib. 2015-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində özünü qorxmaz döyüşçü kimi təsdiq edən Şirxan sonrakı xidmət dövründə hərbçilər arasında atıcılıq üzrə keçirilən yarışların dəfələrlə qalibi olub. Şirxan Quliyev 44 günlük Vətən müharibəsinin ilk günündən torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə atılıb, noyabrın 6-da Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Eyvaz Hüseynov belə qəhrəman övlad böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlığını bildirib. Şirxan kimi övladların igidliyi, qəhrəmanlığı sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu, torpaqlarımızın işğaldan azad edildiyi diqqətə çatdırılıb.
Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini deyib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.