Şəhid Tahir Bağırovun anadan olmasının 65 illiyi ilə əlaqədar sərgi-söhbət keçirilib
AzerTAg.az
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Qarabağ müharibəsi şəhidi Tahir Əminağa oğlu Bağırovun anadan olmasının 65 illiyi ilə əlaqədar sərgi-söhbət keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, oxu zalının müdiri V.Məlikqasımova Qarabağ müharibəsi şəhidi, Tahir Əminağa oğlu Bağırov haqqında iştirakçılara məlumat verib: “1957-ci il iyulun 14-də Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olan T.Bağırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulub. 1992-ci il martın 1-də 843-cü hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunub, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helikopterində bort atıcısı vəzifəsinə keçirilib. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci il oktyabrın 11-də gedən döyüşlər zamanı gizir T.Bağırov qəhrəmancasına həlak olub və 1993-cü il fevralın 5-də Tahir Əminağa oğlu Bağırova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Eyni zamanda, Şirvan şəhərində yaşadığı küçə, həmçinin 11 və 59 nömrəli tam orta məktəblər onun adını daşıyır”.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsli Vətən müharibəsi qəhrəmanları ilə tanış etmək və onları vətənpərvər ruhda böyütməkdir.



Xəbərin mətnində orfoqrafik səhv var