CƏMİYYƏT
Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkədə status paylaşan şəxsin döyülməsi ilə bağlı istintaq aparılır
Bakı, 30 aprel, AZƏRTAC
Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslər həbs edilibmi?
Bu sualı cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov AZƏRTAC-a bildirib ki, hazırda həbs olunan yoxdur.
Onun sözlərinə görə, həmin fakt üzrə qanunun tələbinə uğun olaraq cinayət işi başlanılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik heç kim həbs olunmayıb. “İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prosessual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq”, - deyə Ehsan Zahidov qeyd edib.