MƏDƏNİYYƏT


Şəhid adının ucalığında

Bakı, 25 iyun, AZƏRTAC

Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə Silahlı Qüvvələrin qəhrəman döyüşçüləri – Adil və Nazim Abbasov qardaşlarının xatirəsinə həsr olunmuş “Şəhid adının ucalığında” adlı anım mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə reallaşan tədbirdə əvvəlcə iştirakçılar sumqayıtlı şəhidlərin muzeydə şəxsi arxivlərinin toplandığı daimi ekspozisiya ilə tanış olublar.

Tədbirdə şəhid qardaşların ailə üzvləri - Rasim Abbasov, Təranə Abbasova, yaxın qohumları, polkovnik Bəhram Mansurov və başqaları çıxışlarında Adil və Nazimin çoxlarına örnək olacaq qəhrəmanlıqla dolu həyat yolundan danışıblar, Cəfər Cabbarlı adına Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.

Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə çıxış edərək gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Tədbirdə bir əsrlik tarixi keçmişi olan Azərbaycan Ordusunun şərəfli döyüş yolu, son illər qazandığı uğurlar - qəhrəmanlıq salnaməsi olan Aprel döyüşləri, Cəbrayılın azad olunmuş Cocuq Mərcanlı, Naxçıvanın Günnüt kəndləri haqqında məlumat verilib.

Tədbir Milli Ordumuzun yaranması və bugünkü tarixini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.