CƏMİYYƏT
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan yaşayış binasının tikintisi davam edir
Bakı, 6 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə paytaxtın Nizami rayonunda Bəkir Çobanzadə küçəsi, 2399 ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının inşası davam edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, inşaat işləri başa çatandan sonra binadakı mənzillər növbəlilik prinsipi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq.
Mənzillərin paylanılması rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdiyi və nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həmin ünvandan başqa heç bir ərazidə yaşayış binası tikilmir. Xətai rayonundakı N.Tusi küçəsi, 63 ünvanında yaşayış binalarının inşası və mənzillərin əlil olmayan şəxslərə verilməsi barədə son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur.