CƏMİYYƏT


Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb

Bir sıra yeni sosial obyektlərin açılışına hazırlıq işləri aparılır

Bakı, 30 noyabr, AZƏRTAC

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu günlərdə daha 410 fərdi evin tikintisi yekunlaşıb, 54 fərdi evin tikintisi isə tamamlanmaqdadır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunmasının nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Nazir həmin kateqoriyadan olan vətəndaşların mənzil və ya fərdi evlərlə təminatı proqramının son illər dəfələrlə genişləndiyini, bu sahədə 2022-ci il üçün nəzərdə tutulan planın da uğurla icra edilməkdə olduğunu qeyd edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda paytaxtın Xətai rayonunda 5 saylı Bakı DOST mərkəzinin, eləcə də digər bölgələrdə yeni sosial obyektlərin açılışına hazırlıq işlərindən bəhs olunub. Yaxın vaxtlarda Bərdədə DOST mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzinin açılacağı, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri və yeni korpusunun inşasının artıq yekunlaşdığı diqqətə çatdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 14 təlim istiqamətindən əlavə daha 8 fəaliyyət istiqaməti üzrə təlimlər təşkil edildiyi bildirilib. Burada təlim kurslarındakı 281 benefisiardan 200-ə qədərinin əlilliyi olan şəxslər və şəhid ailələri üzvləri, digərlərinin valideyn himayəsindən məhrum şəxslər, aztəminatlı ailələrin üzvləri olduğu qeyd olunub.

Benefisiarlarla bağlı kompleks reabilitasiya işlərinin də aparıldığı və təlimlərə qatılan şəxslərin həm yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, həm də psixo-sosial vəziyyətlərində müsbət nəticələr əldə edildiyi vurğulanıb.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni altsistemlərin, reyestrlərin, informasiya ehtiyatlarının yaradılması istiqamətində aparılan işlər diqqətə çatdırılıb. Bu il e-gov üzrə müraciət sayının 8,9 milyon, e-sosial.az portalına müraciət sayının 9,7 milyon olduğu, 280,5 min proaktiv təyinat aparıldığı, eləcə də proaktiv qaydada 157 mindən çox sosial sığorta nömrəsinin açıldığı, 466,6 min e-arayış verildiyi bildirilib.

İclasda qeyd olunan istiqamətlərdə görülən işlər, habelə sosial xidmətlərin daha geniş aspektləri əhatə etməsi üçün yeni layihəyə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.