CƏMİYYƏT


Şəhid ailələri və müharibə veteranları yüksək diqqət və qayğı ilə əhatə olunublar

Bakı, 7 may, AZƏRTAC

Vətəndaş rifahının və məmnunluğunun təminatı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin ana xəttini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq mühüm addımlar atılır, sosial müdafiə və aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən, xüsusilə də şəhid ailələri və müharibə iştirakçıları yüksək diqqət və qayğı ilə əhatə olunaraq, onların sosial dəstəklə təminatı üçün genişmiqyaslı və məqsədyönlü işlər aparılır.

Bunu AZƏRTAC-a müsahibəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev vurğulayıb.

Nazir müavini bildirib ki, bu il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı da həmin kateqoriyadan olan vətəndaşlara yüksək qayğının daha bir nümunəsi oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın kompleksdə yeni mənzillə təmin edilmiş şəhid ailəsi ilə görüşü zamanı dövlətimizin başçısı “Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib”, deyə qeyd edərək, şəhid ailələrinin problemlərinin həlli üçün dövlətin əlindən gələni etdiyini və bundan sonra da edəcəyini bildirdi. Prezident İlham Əliyevin “Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur” sözləri bu gün şəhid ailələrinə diqqət və qayğı ilə yanaşılması istiqamətində əsas fəaliyyət prinsipini ifadə edir.

H.Abdullayev qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qəhrəmanlıq səhifəsi yazaraq, möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir. Bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib və onlara dəstəkyönümlü 166 min xidmət göstərilib.

Nazir müavini postmüharibə dövrü üzrə sosial dəstək paketinin əsas istiqamətlərindən birinin də şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının genişləndirilməsi olduğunu vurğulayıb.

O, keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış komplekslərindəki mənzillərin də dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə əlillərinə təqdim edildiyini, keçən il və bu ilin ötən dövründə Bakı şəhərində, Abşeron, Lənkəran, Samux rayonlarında bu məqsədlə yeni yaşayış komplekslərinin açılışlarının olduğunu deyib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, ötən il şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib. Əgər nazirlik tərəfindən 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilmişdirsə, 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil və fərdi evin verilməsi təmin edildi ki, bu da 3 il əvvələ nisbətən 5 dəfə çoxdur”.

Ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təmin edildiyini bildirən H.Abdullayev o cümlədən, postmüharibə dövründə 3500 mənzilin bu kateqoriyadan olan insanlara verildiyini, son 4 ildə də 1450, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinin minik avtomobili ilə təmin edildiyini diqqətə çatdırıb.

Nazir müavini postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçılarından ibarət 93 min şəxsə 103 min sosial ödəniş təyinatı aparıldığını da qeyd edib: “Bildiyiniz kimi, 2019-cu ildən başlayaraq ölkəmizdə sosial ödənişlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri qurularaq işə salınıb. Şəhid ailələri və müharibə iştirakçılarına bütün sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyinatı da onların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada həyata keçirilib”.

Həmin sosial ödənişlərdə ciddi artımların edildiyini də vurğulayan H.Abdullayev xüsusilə inqilabi sosial islahatlar nəticəsində 2019-cu ildən minimum əməkhaqqında 2,3 dəfə, orta aylıq əməkhaqqında 41 faiz, median əməkhaqqında 85 faiz, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 75 faiz, yaşa görə orta aylıq pensiyada 70 faiz, müavinət və təqaüd ödənişlərində müvafiq olaraq 3 və 5 dəfə artım baş verdiyini qeyd edib. Milli Qəhrəmanlar üçün təqaüdün də 1500 manatdan 1800 manata çatdırıldığını, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün (2000 manat) təsis edildiyini deyib.

Nazir müavini bildirib ki, eyni zamanda, şəhid ailələrinin övladları ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) da şəhid ailəsi üzvlərinə üstünlük verilir. Əmək münasibətlərində, vergi sahəsində də onlar bir sıra imtiyazlara və təminatlara malikdirlər.

Postmüharibə dövründə müharibə əlillərinin reabilitasiya xidmətləri və vasitələri ilə təminatından bəhs edən H.Abdullayev Prezident İlham Əliyevin göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlilləri yeni texnologiyalı protezlərlə təminatına başlandığını, artıq Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin son nəsil protezlərlə təmin edildiyini deyib.

O bildirib ki, postmüharibə dövründə 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Dövlət başçısının tapşırığı ilə 2018-ci ildən sonrakı dövrdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı baxımından mühüm önəm kəsb edir.

H.Abdullayev postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 11 min şəxsin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu, vahid əlaqələndirmə mərkəzləri tərəfindən 30 min şəxsə xidmətlər göstərildiyini diqqətə çatdırıb.

“Dövlət başçısının 2021-ci il 29 dekabr tarixli Sərəncamının icrası olaraq nazirlik 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və aidiyyəti qurumlar tərəfindən “Müharibə veteranı” adı verilmiş, adları “Zəfər” altsisteminə daxil edilmiş, habelə kağız daşıyıcılarda təqdim edilmiş veteranlara Prezidentin aylıq təqaüdünün təyinatı prosesini e-sistem üzərindən proaktiv qaydada həyata keçirib. Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayında imzaladığı Fərman isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin isə ailə üzvlərinin birdəfəlik ödəmə ilə təmin olunmasını nəzərdə tutur. Bu sosial dəstək tədbiri ilə bağlı hazırlıq işləri də artıq yekunlaşır və yaxın günlərdə həmin ödənişlərin də verilməsinə başlanılacaq”, - deyə nazir müavini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.