REGİONLAR
Şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar
Ağdam, 17 avqust, AZƏRTAC
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağdamda da şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi iştirakçısı Sadıqov Əmrah Elşən oğlu ilə keçirilən görüşdə onun qayğıları ilə maraqlanıb, şəhid ailələrinin və qazilərin daim diqqətdə saxlanıldıqlarını qeyd edib. Görüş zamanı Əmrah Sadıqov hazırda Bərdə rayonunda kirayədə yaşadıqlarını bildirərək onun mənzillə təmin olunmasına kömək göstərilməsini xahiş edib. Əmrah Sadıqovun müraciəti nəzərə alınaraq, onun müvafiq mənzillə təmin olunması barədə aidiyyəti qurumlara tapşırıq verilərək, icrası nəzarətə götürülüb.
Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yataqxana binasında məskunlaşan şəhid anası Səmədova Qəndab Şəfahət qızı 4 övladı və 1 nəvəsinin 1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı şəhid olduğunu bildirib. Şəhid övladlarının məzar daşlarının təmir və bərpası üçün kömək göstərilməsini xahiş edib. Bu məsələnin də həlli istiqamətində aidiyyəti üzrə tapşırıq verilib.
Müharibə iştirakçısı Əmrah Sadıqov və şəhid anası Qəndab Səmədova şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.