CƏMİYYƏT
“Şəhid ailələri və qazilərin övladlarının maliyyə savadlılığının artırılması” layihəsinin icrasına başlanılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin “Şəhid ailələri və qazilərin övladlarının maliyyə savadlılığının artırılması” layihəsinin icrasına başlanılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi şəhid ailələri və qazilərin övladlarının fərdi, sosial-iqtisadi inkişafına dəstək göstərilməsidir. Həmçinin gənclərdə analitik düşüncə tərzinin formalaşdırılması, onların intellektual bacarıqlarının ortaya çıxarılması, fərdi inkişaflarına dəstək göstərilməsi və professional istiqamətləndirilməsini təmin etməkdir. Bu məqsədlə Gəncə şəhərində mühasibatlıqla əlaqəli təlimlərin keçirilməsi və təlimlərin sonunda olimpiadanın təşkil edilməsi, qaliblərin mükafatlandırılması nəzərdə tutulur.
Layihə nəticəsində şəhid ailələri və qazilərin övladlarının fərdi inkişafına dəstək olunacaq, gənclərdə iqtisadi biliklərə maraq aşılanacaq və inkişaf etdiriləcək, gənclərarası qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gənclərin məşğulluğu təmin ediləcək, olimpiada iştirakçıları mükafatlandıracaq və onlarda motivasiya yaradılacaq.
Layihə 2023-cü ilin fevralın 28-dək davam edəcək.