REGİONLAR
Şəhid ailələrinə, qazilərə psixoloji və sosial dəstək vermək üçün xüsusi bölmələr yaradılıb
Naxçıvan, 17 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində yaradılan Psixoloji Dəstək Xidmətində müvafiq kateqoriyadan olan şəxslərə lazımi psixoloji xidmətlər göstərilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya göstərilən əlaqə telefonlarına müraciət edə bilərlər.
Bununla yanaşı, bu günlərdə nazirliyin saytında, “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək” bölməsi yaradılıb. Bu bölməyə daxil olmaqla vətəndaşlar ölkəmizdə, eləcə də muxtar respublikamızda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin təşkili, qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin təyini qaydaları, bu məqsədlə tələb olunan sənədlər və digər zəruri informasiyalarla tanış olmaq imkanına malikdirlər. Bölmə sorğu formatında qurulub və sosial dəstək tədbirləri çərçivəsində ən çox müraciət olunan sahələri əhatə etməklə hazırlanıb.