REGİONLAR
Şəhid ailəsi Vətənə əmanətdir – Lənkərandan reportaj VİDEO
Lənkəran, 8 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda gedən hərbi əməliyyatlarda zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı göstərilməsi Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Vətən müharibəsindən az müddət keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün təkcə paytaxt Bakıda deyil, bütün regionlarda hər cür şəraitli mənzillər inşa olunur. Belə mənzillərdən biri də 3 övladı Vətənə əmanət qalan şəhid Taleh İsmayılovun ailəsinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi şəhidi Taleh İsmayılov 1986-cı il noyabrın 26-da Lənkəranın Boladi kəndində anadan olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətdən artıq xidmət edən Taleh 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsində də qəhrəmanlığı ilə seçilib. Müharibənin ilk günlərindən cəbhənin ən gərgin mövqelərində düşmənə qarşı igidliklə vuruşub. Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı - 2020-ci il noyabrın 4-də qəhrəmancasına şəhid olub.
Talehin həyat yoldaşı Gülay İsmayılova: “Biz Talehlə 2009-cu ildə ailə həyatı qurmuşuq və üç övladımız var. 2015-ci ildə N saylı hərbi hissədə sürücü manqa komandiri kimi xidmətə başlayıb, Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində də ön xətdə olub. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Xocavəndin işğaldan azad olunmasında böyük şücaət göstərib. 2020-ci il noyabrın 4-də Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib və ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub”.
2021-ci il avqustun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran şəhərində istifadəyə verilən 45 mənzilli yaşayış binasında Vətən müharibəsi şəhidi Taleh İsmayılovun ailəsi də yeni mənzillə təmin olunub. Göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirən şəhidin həyat yoldaşı şəhid ailələrinin və müharibə əlillərinin daim ölkə rəhbərliyinin diqqətində olduğunu vurğulayıb.
“Talehin qəhrəmanlığı qiymətləndirildi. Ali Baş Komandan yoldaşımın xidmətlərini medallarla təltifləndirdi və şəhidin üç əmanətini evlə təmin etdi. Bizə dövlət tərəfindən gördüyünüz bu yaraşıqlı 3 otaqlı mənzil verildi. Sağ olsun dövlətimiz, şəhid ailələrinə daim qayğı göstərilir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə, ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev verilib. Bu ilin sonunadək 1500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Artıq 600 mənzil təqdim olunub. Yaxın iki ayda isə bu kateqoriyadan olan şəxslərə daha 500 mənzil və fərdi ev veriləcək.