REGİONLAR
Şəhid ailəsinin müraciəti yerinə yetirilib
Xırdalan, 17 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn qəhrəman övladların adlarının əbədiləşdirilməsi, onların ailələrinin və qazilərimizin sosial problemlərinin həlli istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçilən layihələr davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Rəhimli Ülvi Rabil oğlunun ailə üzvlərinin yaşadığı Abşeron rayonu Məmmədli kəndi, İlqar Abdullayev küçəsində abadlıq işləri həyata keçirilib.
Belə ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidimizin ailəsini ziyarət edib. Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Ziyarət zamanı şəhidin ailəsi tərəfindən yaşadıqları küçəyə asfalt örtüyün çəkilməsi məsələsi qaldırılıb və bu istiqamətdə kömək göstərilməsi üçün müraciət olunub.
Rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və sözügedən küçəyə 500 kvadratmetr asfalt örtüyü döşənib.
Şəhid Ülvi Rəhimlinin atası Rabil Rəhimli onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.