REGİONLAR
Şəhid anası: 20 Yanvar hadisələri xalqımızı sındırmadı, əksinə, daha da mübariz etdi
Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC
Biz hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edirik. Bu il xiyabana ötən illərdəkindən fərqli əhvalda gəlmişəm. Burada mənim oğlum Kərəm Veyisovun da xatirəsi əbədiləşdirilib. Kərəm Vətən müharibəsində Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İndi mən də şəhid anasıyam. Oğlumla və bütün şəhidlərimizlə fəxr edirəm. Onlar bizim dincliyimiz, rahat yaşamağımız, başımızın uca olması üçün canlarından keçdilər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şəhid anası Nərgiz Veyisova söyləyib.
Şəhid anası bildirib ki, hər il xiyabanı ziyarət edəndə sanki şəkillərdən baxan şəhidlərin simasında nisgil, narahatlıq duyulurdu. İndi isə əksinə, bütün şəhidlərin ruhu şaddır.
“20 Yanvar hadisələrini yaxşı xatırlayırıq. Təsəvvür etmədiyimiz bir faciə gətirdilər başımıza. Amma gözlənilənlərin əksinə, bu hadisələr xalqımızı sındırmadı, daha da mübariz etdi. Həmin gündən sonra Azərbaycan yumruq kimi birləşib azadlıq uğrunda mübarizəsini daha da gücləndirdi. Bu gün Vətənimizin sərhədləri bütövləşib. Nə qədər ki, Azərbaycan var, şəhidlər xalqımızın qəlbində daim yaşayacaq”, - deyə Nərgiz Veyisova söyləyib.