CƏMİYYƏT


Şəhid anası: Dövlət başçısının şəhidlərə olan münasibətindən məmnunam

Bakı, 4 fevral, AZƏRTAC

Ölümdən qorxmamaq, onun üstünə getmək hər oğulun işi deyil. Vətənə olan sevgi onu ölümün gözünə dik baxmağa məcbur edirdi. O, azğın düşməni torpağımızdan qovanadək silahı yerə qoymamağa söz vermişdi.

AZƏRTAC xəbər verir ki, əslən Balakəndən olan 21 yaşlı döyüşçü Şirinov Əli Rizvan oğlunun keçdiyi döyüş yolunu məhz ölümə doğru aparan yol hesab etmək olar.

Torpağımızın başı üzərini qara buludlar alanda Əli silaha sarılaraq döyüşə atılıb. Üç dəfə yaralanıb, sağlamlığında olan problemlərə görə həkimlər, qohumlar nə qədər cəhd etsələr də, onu cəbhəyə qayıtmaq fikrindən döndərə bilməyiblər. Ağdam rayonunun Qaralar kəndi uğrundakı döyüşdə isə gözlərini işıqlı dünyaya əbədi olaraq yumub.

Əlinin anası Zərifə xanım Prezident İlham Əliyevin hərbi qulluqçulara birdəfəlik ödəmələr verilməsi və aylıq sosial müavinətlərin artırılması barədə fərmanları sosial ədalət və humanistlik nümunəsi kimi qiymətləndirib: “Son fərmanlar bir daha nümayiş etdirdi ki, müqəddəs amallar yolunda canını qurban verənlər, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmurlar. Əlinin fədakarlığı, Vətənə olan sonsuz məhəbbəti əsl örnəkdir. Yaralanandan sonra onu ön cəbhəyə qayıtmaq fikrindən daşındırmaq istəsək, heç olmasa bir müddət istirahət etmək, dincəlmək təklif etsək də, mümkün olmadı. Elə bil o, öz ölümünə, şəhidliyə tələsirdi...

Dövlət başçısının Prezident Sarayındakı çıxışı, şəhidlərimizin ünvanına dediyi sözlər bir ana kimi məni də təsirləndirdi. Bu görüş, Prezidentin şəhid ailələrinə münasibəti bir daha nümayış etdirdi ki, şəhidlər ölmürlər. Onlar zaman-zaman xalqımızın qəlbində yaşayır və yaşayacaqlar. Əli kimi vətənpərvər övlad böyütdüyümə və onun kimi oğullara dövlət başçısının münasibətindən çox məmnunam. Tanrı xalqımıza torpaqların azad olması mübarizəsində kömək olsun, onu qələbəyə çatdırsın!”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.