CƏMİYYƏT


Şəhid anası: Məhəmməd ömür payını böyük amallar uğrunda qurban verdi

Bakı, 26 oktyabr, Leyla Qurbanova, AZƏRTAC

“Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” deyiblər. Oğlum Məhəmməd, eləcə də minlərlə qəhrəman igidimiz uğrunda şəhidlik məqamına yüksəldikləri Vətəni yaşatdılar, onu daha da ucaltdılar.

Bu sözləri Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadənin anası Miranə İsmayılova AZƏRTAC-a açıqlamasında bildirib.

Yeganə oğlunun 24 yaşında şəhidlik zirvəsinə ucaldığını vurğulayan Miranə İsmayılova deyib: “Onun böyük arzuları var idi. Məktəbdə yaxşı oxuyurdu, çalışqan və xasiyyətcə çox mülayim olduğundan hamı onun xətrini istəyirdi. İnsanlarla tez ünsiyyət qurmağı bacarırdı, mərhəmətli idi və hamıya kömək etməyi sanki özünə borc bilirdi. Onu zarafatla “ellər oğlu” deyə çağırırdım. Həmişə kiminsə köməyinə tələssə də, öz işlərini kimsəyə həvalə etməyi xoşlamazdı. Müharibə başlayanda Türkiyədə təhsilini yarımçıq qoyub orduya könüllü yazılanda və böyük ruh yüksəkliyi ilə cəbhəyə yola düşəndə simasındakı qürur hissini açıq-aydın görmək olurdu. Çox dözümlü və cəsarətli olduğunu müharibənin ən şiddətli vaxtlarında da nümayiş etdirirdi. Döyüş yoldaşlarının dediyinə görə, mənimlə telefonla danışdığı zaman atışma səslərini eşitməyim deyə qazdıqları quyunun içinə girər, telefonu torpağa qoyub, qulağını da telefona bərk-bərk sıxarmış. Amma ana ürəyi: odu-alovu hiss edirdim. Başa düşürdüm ki, o, heç vaxt arxaya çəkilməyəcək, həmişə öndə olmağa çalışacaq”.

Məhəmməd şəhidliyi ilə ölümsüzlük qazandığını vurğulayan Miranə ana oğlunun öz ömür payını böyük amallar uğrunda – Vətən torpaqlarının azad edilməsi yolunda qurban verdiyini bildirib: “Onsuz yaşamaq çox çətin olsa da, oğlumun igidliyi, qəhrəmanlığı mənim üçün ən böyük təsəllidir. Oğlum Vətən torpağını yağı düşmənin tapdağından xilas etmək üçün gözünü belə qırpmadan düşmənin üzərinə getdi. Övlad itkisi müqayisə olunmayacaq dərəcədə ağır itki olsa belə, onların igidlikləri, cəsarəti sayəsində əldə edilən Qələbə biz şəhid analarına ən böyük təsəllidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.