REGİONLAR
Şəhid atası: 20 Yanvar hadisələri tariximizin şərəf, qürur səhifələridir
Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC
Bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir. Onlar müxtəlif zamanlarda şəhidlik zirvəsinə ucalsalar da, amalları bir olub. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumaq, Vətənimizə əl uzadan xainlərə qarşı mübarizə aparmaq. Bu gün mən nəvəmlə Şəhidlər xiyabanına gəlmişəm. Oğlum Aprel döyüşlərində şəhid olub. Bu gün onun xatirə lövhəsi ilə üzbəüz duranda, şəklinə baxıb qürur hissi ilə qalib gəldiyimizi söylədim. İndi başımız ucadır. Ali Baş Komandanımızın rəhbərliyi, yenilməz ordumuzun rəşadəti ilə bütün şəhidlərimizin qisası alındı, torpaqlarımız düşmən işğalından xilas olundu.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmazdakı Şəhidlər xiyabanını ziyarət edən şəhid atası Fərhad Qafarov söyləyib.
Artıq bütün şəhidlərimizin ruhunun şad olduğunu vurğulayan Fərhad Qafarov deyib: “Biz çox acılar çəkmişik. 20 Yanvar hadisələrində Xaçmazın igid oğlu Zahid Abdullayev şəhid olub. Yəni biz bir olanda qarşımızda heç bir fövqəlqüvvə dura bilməz. Həmin hadisələr tariximizin şərəf, qürur səhifələridir. Bu gün şəhidlərimizin şəkillərindən boylanan simalarına minnətdarlıq hissi ilə baxırıq. Onların uğrunda döyüşdüyü, mübarizə apardığı bütün amallar reallığa çevrilir. İndi Azərbaycan müstəqillik tariximizin ən şərəfli günlərini yaşayır. Qarabağımız azaddır”.