CƏMİYYƏT
Şəhid atası: Cəbrayılın azad edilməsi xəbəri həyatımın ən yaddaqalan anı oldu
Bakı, 9 oktyabr, AZƏRTAC
Hərbi Qənimətlər Parkına gələn insanlar “Dəmir Yumruğ”un gücünü görməklə bərabər, şəhid və qazilərimizin xalqımıza bəxş etdiyi Zəfər hissini təkrar yaşayırlar.
AZƏRTAC bildirir ki, bu sözləri İsmayıllı rayonunun Ağbulaq kəndindən paytaxtdakı Hərbi Qənimətlər Parkına gələn şəhid atası Mürşüd Yusifov deyib. O, Vətən müharibəsində şəhid olmuş oğlu Ramil Yusifovun hərbçi həyatını belə təqdim edib: “Oğlum 24 il hərbi xidmətdə olub və bu illərin böyük hissəsini ön xətdə keçirib. Onun son döyüş yeri isə Tərtərin Talış kəndi istiqamətində olub”.
Atanın söhbətindən onu da öyrənirik ki, tankçı bölüyündə xidmət göstərən Ramil Yusifov döyüş zamanı vurulan tankın içində ağır yanıq xəsarəti alıb. O, Bakıdakı Mərkəzi Klinikaya çatdırılsa da, cərrahi əməliyyatlardan yeddi gün sonra vəfat edib. Atası oğlunun hərbi xidmət dövründə erməni tərəfinin təxribatları nəticəsində aparılan lokal döyüşlərdə dəfələrlə iştirak etdiyini, 2016-cı ildə baş vermiş Aprel döyüşlərində düşmən tərəfin iki tankını məhv etdiyini bildirib. Ramilin evə zəng edərək “Məni təbrik edə bilərsiniz, daha bir medal aldım”, - dediyini, ümumilikdə isə hərbi xidmət müddətində səkkiz dəfə müxtəlif medallarla təltif olunduğunu söyləyib.
Mürşüd Yusifov şəhidin iki övladının qaldığını bildirir, onların atalarının adına layiq olacağına inanır. O, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri kimi, onların da dövlət qayğısı ilə əhatə olunduğunu, Bakı şəhərində mənzil verildiyini bildirib. Ata Vətən müharibəsi zamanı hər axşam ailəliklə televizor qarşısında Ali Baş Komandanın çıxışını gözlədiklərini xatırlayıb: “O günlər bütün dünyadakı azərbaycanlılar kimi bizim ailənin də ən çox arzulanan qonağı Prezidentimiz İlham Əliyev idi. Onun ilk Qələbə müjdəsi, Cəbrayılın azad edilməsi xəbəri ömrümün unudulmaz məqamı, həyatımın ən yaddaqalan anı oldu”.
İsmayıllıdan gələn digər şəhid atası Məhəmməd Daşdəmirov 2020-ci ilin 12 iyulunda başlayan Tovuz döyüşlərində şəhid olan Xəyyam Daşdəmirovun atasıdır. O, üç ayın əsgəri olan Xəyyamın 2020-ci il iyulun 14-də həlak olduğunu deyir: “Oğlum Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələri 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi, general-mayor Polad Həşimovun şəhid olduğu ön xətdəki əsgərlərin arasında idi”. Hərbi Qənimətlər Parkında nümayiş olunanların Azərbaycan hərbçisinin şücaətini göstərdiyini deyən Məhəmməd Daşdəmirov orduya və qazilərə, şəhid ailələrinə göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Ailə, Qadın və Uşaq Problemləri Komitəsi İsmayıllı Rayon Mərkəzinin direktoru Lətifə Əliyeva Hərbi Qənimətlər Parkına rayondakı şəhid ailələri ilə gəldiyini deyir: “İstədik ki, şəhid ata və anaları övladlarının göstərdiyi şücaətin bir epizodunu öz gözləri ilə görsünlər. Bura gətirilən texnika və silah-sursatın özü həmin döyüşlərin bir simvoludur”.