İDMAN
Şəhid atası: Qədirbilən xalqımız zəfər salnaməsinin qəhrəmanları olan şəhidlərini əbədi yaşadacaq
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan xalqının böyük qələbəsi ilə başa çatmış Vətən müharibəsinin başlamasından 1 il ötür. Qalib ölkənin vətəndaşları kimi yenilməz Ordumuzun əldə etdiyi tarixi qələbəni böyük qürurla qeyd edirik. Bu böyük zəfərin qazanılması üçün oğlum Muxtar, eləcə də minlərcə qəhrəman övladlar öz canlarını fəda etdilər. Bu gün onların ruhu şaddır. Otuz ilə yaxın bir müddətdə düşmən işğalı altında olan torpaqlarımız azad edilib.
Bu sözləri 44 günlük Vətən müharibəsi zamanı Füzuli döyüşlərində qəhrəmancasına şəhid olmuş Muxtar Qasımlının atası Əli Qasımov Zəfər Gününə həsr edilmiş karate-do idman növü üzrə “Dəmir yumruq” ikinci açıq respublika turniri zamanı AZƏRTAC-a müsahibəsində bildirib.
O, qeyd edib ki, Zəfər Gününə həsr olunmuş turnirlərin təşkili uşaq və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynayır: “44 günlük Vətən müharibəsində əldə edilən böyük qələbə həm də xalqımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, dövlət başçısı və xalq birliyinin sarsılmazlığını, millətimizin Vətən, dövlət sevgisini parlaq şəkildə nümayiş etdirdi. Zəfər Gününə həsr olunmuş turnirlərin təşkili uşaq və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayır. Tədbirə Vətən müharibəsində iştirak etmiş qazilərin, şəhid valideynlərinin dəvət edilməsi yaxşı ənənədir. Muxtar da idmanı çox sevirdi və bir sıra idman növləri üzrə uğurlar qazanmışdı. Amma onu xalqa daha çox tanıdan və sevdirən Vətən müharibəsindəki qəhrəmanlığıdır”.
Əli Qasımov şəhid ailələrinin, qazilərin dövlət tərəfindən diqqətdə saxlandığını bildirərək qeyd edib ki, xalqımız şəhidləri heç vaxt unutmur: “Vətənini, yurdunu qorumaq, onun uğrunda döyüşmək gənclərimizin əsas vəzifəsidir. Müharibə başlayanda gənclərimiz xalqımızı qarşıda böyük qələbənin gözlədiyini özlərində hiss edir, qəlbən duyurdular. Prezident İlham Əliyevin söylədiyi kimi, onlar aslan kimi vuruşurdular. Qədirbilən xalqımız zəfər salnaməsinin qəhrəmanları olan şəhidlərini əbədi yaşadır və yaşadacaq”.