REGİONLAR
Şəhid atası Vətən müharibəsi şəhidlərinin xatirəsinə park və abidə kompleksi yaradıb VİDEO
Hacıqabul, 17 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulun Udulu kəndində şəhid atası şəhidlərin xatirəsinə park salıb, abidə kompleksi inşa etdirib. Ərazidə həmişəyaşıl ağaclar və dekorativ gül kolları da əkilib. Park və abidə kompleksində Vətən müharibəsi şəhidlərinin şəkilləri yer alacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, parkın girişində Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Burada zirvə simvolu olan qartal heykəli də ucaldılıb, şəhidlərin xatirəsinə bulaq inşa edilib. Parkın ərazisində ibadət otağı da yaradılıb.
Şəhid atası Şöhrət Qasımov deyib ki, parkda bütün şəhidlərin şəkilləri yer alacaq. Mindən çox ağac əkilib. Daha 2 mini də əkiləcək.
Şöhrət Qasımovun övladı Həsən Udulu kənd ərazi birliyinin Vətən müharibəsində şəhid olan 6 qəhrəmanından biridir.
Şəhidin həyat yoldaşı Aytəkin Qasımova bildirib ki, həqiqi hərbi xidməti Aprel döyüşlərinə təsadüf edən Həsən elə o vaxt da şücaəti ilə seçilib. Xidmətini layiqincə yerinə yetirdikdən sonra mülki mühafizədə çalışıb. “Onun Vətənə böyük sevgisi var idi. Vətən müharibəsində də tərəddüd etmədən döyüşlərə yollandı. Son damla qanına qədər qəhrəmancasına döyüşərək 6 döyüşçü yoldaşı ilə birlikdə şəhidlik zirvəsinə ucaldı”, - deyə şəhidin həyat yoldaşı qeyd edib.
Həsən döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.