REGİONLAR
Şəhid atası Vətən uğrunda canından keçən övladı ilə qürur duyur VİDEO
Sumqayıt, 7 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Cəbhənin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan “N” saylı hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Bayramov Şülan Bayram oğlu doğulduğu Sumqayıt şəhərində aprelin 7-də son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt sakinləri qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə dəfn etmək üçün küçələrə axışıblar. Gənclər şəhidlərimizin intiqamını almağa, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər.
Şəhidin evindən Sumqayıtdakı Şəhidlər xiyabanınadək “Şəhidlər ölməz, Vətən bölünməz”, "Yaşasın Qarabağ, yaşasın Azərbaycan!”, "Qarabağ bizimdir, bizim olacaq” kimi şüarlar səsləndirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətının başçısı Zakir Fərəcovun, Milli Məclisin deputatlarının, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ictimaiyyət nümayəndələrinin, şəhər sakinlərinin də iştirak etdiyi vida mərasimində çıxış edənlər Silahlı Qüvvələrimizin şəhid olan hərbi qulluqçularına Allahdan rəhmət diləyib, cəbhəboyu mövqelərimizin və yaşayış məntəqələrinin atəşə tutulmasından, düşmənə verilən layiqli cavabdan bəhs ediblər.
Şəhidin atası Bayram Bayramov övladının Vətən uğrunda şəhid olmasından qürur duyduğunu deyib. Qardaşı, hazırda əsgər olan Turan Bayramov və yaxınları Şülanı vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildirib, xatirələrini paylaşıblar.
Şəhidin cənazəsi minlərlə sumqayıtlının, vətənpərvər gənclərin izdihamlı müşayiəti ilə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhid əsgər yaylım atəşi altında dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.