CƏMİYYƏT
Şəhid atası: “YAŞAT” Fondu evimizin təmirinə yardım etdi
Bakı, 26 noyabr, AZƏRTAC
Xaliddin Zərgər oğlu Veyisli 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub.1987-1998-ci illərdə S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. O,1999-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hərbi qulluqçumuz oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax şəhərində dəfn olunub.
Ailəli olan şəhidimizin Vətənə əmanət bir qızı və bir oğlu qalıb.
Xaliddin Veyisli şəhadətindən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, şəhidin atası Zərgər Veyisov Xaliddinlə son dəfə oktyabrın 24-də danışdığını bildirib: “Xaliddindən vəziyyətin necə olduğunu soruşdum. Dedi ki, narahat olma, hər şey yaxşıdır, irəli gedirik. Bu, son danışığımız oldu. Bundan iki gün sonra Füzulidə şəhadətə yüksəldi.
Otuz ilə yaxın idi ki, torpaqlarımız düşmən tapdağında qalmışdı. Ordumuzun hər bir üzvü canla-başla döyüşdü. Allah Ali Baş Komandana can sağlığı versin. Onun rəhbərliyi altında Azərbaycan Ordusu işğalçıları torpaqlarımızdan qovdular. Müharibəyə gedən oğullar ailələrini, övladlarını əmanət qoyub getdilər. Əmin idilər ki, şəhid olsalar, dövlət ailələrini diqqətdə saxlayacaq. Həmin məqsədlə yaradılmış “YAŞAT” Fondu da dəstəyini əsirgəmir. Bizə də şəhid ailəsi olaraq evin təmirinə yardım etdilər. Buna görə hər kəsə minnətdaram”.
Xaliddin Veyislinin anası Natella Veyisova deyib ki, müharibə dövründə övladı ilə bir neçə dəfə əlaqə saxlasa da, oğlu hər şeyin yaxşı olduğunu bildirir, ailəsinin narahat olmaması üçün şahid olduqlarını, yaşadığı təhlükələri açıqlamırmış: “Bizim övladlarımız canları, qanları bahasına o torpaqları azad etdilər. Övlad itirmək çətindir, amma Xaliddinlə fəxr edirəm. Mən başımı uca tuturam ki, elə oğul böyüdüb tərbiyə etmişəm. Şəhidliyindən başqa, oğlum dost-tanış, qohum, qonşu arasında da xüsusi hörmətə sahib idi. O, mənim fəxrimdir. Allah bütün şəhid ailələrinə səbir versin. Ancaq onlar da başlarını uca tutsun. O tərbiyəli, qəhrəman övladı biz analar dünyaya gətirdik. Övladlarımızın adı çəkiləndə fəxarət hissi keçiririk”.
N.Veyisova “YAŞAT” Fondunun şəhid ailələri və qazilərin ehtiyaclarını qarşıladıqlarını qeyd edərək Fondun yaradılmasına görə Prezident İlham Əliyevə, ianə edən vətəndaşlara minnətdarlığını bildirib.