REGİONLAR
Şəhid atası torpaq uğrunda canından keçən oğlu ilə fəxr edir VİDEO
Cəbhə xəttində gedən döyüşlərdə qəhrəmancasına həlak olan hərbiçimiz Elvin Qayıbov Xaçmazda son mənzilə yola salınıb
Xaçmaz, 5 mart, Elxan Yusifli, AZƏRTAC
Erməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun 27 yaşlı hərbi qulluqçusu Elvin Sədrəddin oğlu Qayıbov doğulub boya-başa çatdığı Xaçmaz rayonunda torpağa tapşırılıb.
AZƏRTAC xəbər verir ki, Əbilyatağı kənd qəbiristanlığında dəfn edilən E.Qayıbov Füzuli ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimə qatılanlar Elvin Qayıbovun şücaətindən söz açıb, vətənpərvər övlad olmasından, doğma vətəni Azərbaycana sevgisindən danışıblar.
Şəhidin atası Sədrəddin Qayıbov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini deyib, şəhid olmuş övladının qisasının döyüş yoldaşları tərəfindən artıqlaması ilə alınacağına əminliyini ifadə edib.
Çıxışlarda xaçmazlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqları bildirilib.
Şəhidin cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.