ELM VƏ TƏHSİL
Şəhid baş gizir Yasən Əhmədova məxsus əşyalar Tarix Muzeyinə təhvil verilib
Bakı, 23 fevral, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş, baş gizir Yasən Əhmədova məxsus əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Yasən Əhmədovun bronjileti, bir neçə fotoşəkli, şəhidin ailəsi ilə görüşən muzeyin elmi işçisi Sahibə Ələkbərova tərəfindən təqdim edilib.
Yasən Əhmədov 1974-cü ildə Ağdam rayonunun Kosalı kəndində anadan olub. Azərbaycan Ordusunda 25 il şərəflə xidmət edib. O, dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlarla və medallarla təltif olunub. II Qarabağ müharibəsi başlayan gündən bölüyü ilə bərabər ön xəttə yollanıb, ağır döyüşlərdə mühəndis istehkamçı kimi iştirak edib. Oktyabrın 9-da Talış kəndində düşmənin atdığı mərmi ilə yaralanan, 10 gün komada qalan Yasən Əhmədov oktyabrın 22-də şəhidlik zirvəsinə ucalıb. Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Yasən Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin iki övladı Vətənə əmanət qalıb.