REGİONLAR
Şəhid baş leytenant Səid Rəşidzadənin xatirəsi anılıb VİDEO
Füzuli, 29 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan baş leytenant Rəşidzadə Səid Nofəl oğlunun xatirəsi anılıb.
Şəhidin anım günündə ailəsi ilə yanaşı, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, məktəb və bağça kollektivləri, Qarabağ müharibəsi qaziləri və Horadiz şəhər sakinləri ilə iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qazanılan şanlı qələbədən danışıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu işğal altında qalan torpaqları düşməndən azad etdi. Haqq savaşı uğrunda canını Vətən üçün fəda edən şəhidlər əsl qəhrəmanlıq göstərərək, gələcək nəsillər üçün örnəyə çevrildilər. Belə qəhrəmanlardan biri də Səid Rəşidzadədir.
Rəşidzadə Səid Nofəl oğlu 1990-ci il yanvarın 28-də Horadiz şəhərində anadan olub. O, 1996-2007-cı illərdə Nərimanov rayonunda S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində general Polad Həşimovla birgə düşmənə qarşı çiyin-çiyinə döyüşüb. Səid 2019-cu ildə səhhəti ilə bağlı ordudan tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı döyüşlərə könüllü yollanıb. İlk döyüş yolu Füzulidən başlayan Səid Rəşidzadə Hadruta qədər döyüşlərdə iştirak edib və şücaəti ilə seçilib. Oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.