CƏMİYYƏT
Şəhid dövlət qulluqçusunun məzarı ziyarət olunub
Bakı, 24 iyun, Rauf Hacıyev, AZƏRTAC
İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi və üç nəfərin həlak olması işğaldan azad edilən ərazilərə edilən səfərlərin təhlükəli olmasını bir daha nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri şəhid dövlət qulluqçusu, Kəlbəcər Rayon Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin məzarını ziyarət ediblər.
Onun ruhuna dua oxuyub, məzarı önünə gül düzüblər.
İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların və minaların yarada biləcəyi faciənin qarşısının alınması məqsədilə Dövlət Komitəsi tərəfindən mina təhlükəsizliyinə dair silsilə tədbirlərin keçirilməsinə başlanılıb. İlk belə təlim iyunun əvvəlində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Ağdam, Füzuli və Tərtər rayonlarında keçirilib. Növbəti tədbir Minatəmizləmə Agentliyinin dəstəyi ilə iyunun 25-də Bakı şəhərində jurnalistlər və bələdçilər üçün keçiriləcək.