REGİONLAR
Şəhid gizirin medalı ailəsinə təqdim olunub VİDEO
Tovuz, 23 may, Famil Quliyev, AZƏRTAC
Mayın 23-də Tovuz Rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş gizir Cəfərov Mirsalam Təvəkkül oğlunun ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edildiyi “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani və başqaları çıxış edərək, işğalçı Ermənistan ordusu tərəfindən atəşkəsin daim pozulduğunu, Azərbaycan Ordusunun mövqelərinin və sərhədyanı kəndlərin atəşə məruz qaldığını diqqətə çatdırıblar. Bildirilib ki, aprelin 2-dən 5-dək mənfur qonşularımız tərəfindən təmas xəttində növbəti təxribatlar törədilib. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verib.
Tədbirdə vurğulanıb ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq, Azərbaycanın dövlət bayrağı Xankəndidə, Şuşada və digər işğal edilmiş ərazilərimizdə dalğalanacaq.
Sonra aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olmuş Tovuz rayonunun Bayramlı kənd sakini, gizir Mirsalam Cəfərovun ölümündən sonra təltif olunduğu “İgidliyə görə” medalı şəhidin atası Təvəkkül Cəfərova təqdim olunub. Şəhidin atası övladının göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu bildirib. Qeyd edib ki, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün özü də yağı düşmənlə döyüşə hazırdır.