CƏMİYYƏT


Şəhid hərbçinin bacısı: Birdəfəlik ödəmələrin verilməsi barədə Fərman Azərbaycan Prezidentinin növbəti humanist addımıdır

Bakı, 27 noyabr, AZƏRTAC 

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi ardıcıl davam edir.

Şəhid hərbi qulluqçu Vilayət Yunis oğlu Xudiyevin vərəsəsi olan bacısı Xalidə Kazımova AZƏRTAC-a müsahibəsində dövlətimizin başçısının bu humanist addımının bütün şəhid ailələri tərəfindən məmnunluqla qarşılandığını vurğulayaraq deyib: “Fəxr edirəm ki, şəhid bacısıyam. Dövlətimizə minnətdaram ki, hər zaman bizə qayğı ilə yanaşıb. Ölkəmizdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün evlər tikilir, onların problemlərinin həllinə daim xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin Fərmanına əsasən, şəhid ailələrinin vərəsələrinə ayrılan birdəfəlik ödəmə qardaşıma da şamil olunub. Şəhid ailələrinə göstərdiyi bu yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz adımdan və ailəmiz adından təşəkkürümü bildirirəm”.

Şəhidin döyüş yolu barədə məlumat verən X.Kazımova bildirib ki, 1958-ci il sentyabrın 14-də Qazaxda anadan olan Vilayət Xudiyev səkkizillik məktəbi bitirdikdən sonra Bakıda uçot-iqtisadiyyat kursunu başa vurub, təhsilini Politexnik Texnikumunda davam etdirib. O, 1979-1981-ci illərdə Soçidə hərbi xidmətdə olub. Vilayət Xudiyev Dövlət Aqrar Sənaye Nazirliyində işlədiyi müddətdə hərbi komissarlıq tərəfindən ona xüsusi tapşırıq verilib. O, xüsusi təyinatlı desant zabit qrupları yaratmaq məqsədilə batalyon komandiri təyin edilərək Ağdərə rayonunun Drambon kəndinə göndərilib. V.Xudiyev Qarabağ uğrunda döyüşlərdə xüsusi bacarıq göstərib. O, bütöv bir batalyonu qanlı döyüşdə ağır itkilərdən xilas etsə də, özü 1992-ci il oktyabrın 8-də qəhrəmancasına həlak olub. Hərbi qulluqçunun ölüm şəhadətnaməsi 1992-ci il oktyabrın 14-də verilib. Şair-publisist Fəridə Ləmanın 1995-ci ildə çapdan çıxan “Qazax mahalının şəhidləri” kitabında şəhid haqqında ətraflı məlumat verilib.

Şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması, o cümlədən birdəfəlik ödəmələrin verilməsi ilə bağlı Fərman Prezident İlham Əliyevin humanist siyasətinin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycan Prezidentinin hər bir vətəndaşın qayğı və problemlərinə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.

Birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.