CƏMİYYƏT


Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr edilmiş bulağın açılışı olub -  YENİLƏNİB VİDEO

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr edilmiş bulağın açılışı olub. Xatirə bulağının açılışı münasibətilə keçirilən mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, media nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyətin təmsilçiləri, AZƏRTAC-ın əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov mərasimdə çıxış edərək vurğulayıb ki, xatirə bulağının açılışı Məhərrəmin şəhid olduğu Kəlbəcər rayonunun erməni işğalından azad edildiyi gündə keçirilir: “Məhərrəm Göyçə mahalının Ardanış kəndində doğulub. O, həmişə işğal altındakı torpaqlarımızın azad edilməsini, doğma kəndimizi görməyi arzulayırdı. Tale elə gətirdi ki, Məhərrəm doğulduğu kənddən cəmi 50 kilometr məsafədə yerləşən Kəlbəcər rayonunun Susuzluq kəndində şəhidlik zirvəsinə ucaldı. Biz bütün şəhidlərimizlə qürur duyuruq. Məhz şəhid və qazilərimizin qəhrəmanlığı, vətənpərvərliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Bizə Zəfər hissi yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, eləcə də qəhrəman Ordumuza minnətdarıq”.

O, Məhərrəmin xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirib.

Məhərrəmin bacısı Sevda Əsgərova qardaşının Vətən uğrunda şəhid olması ilə fəxr etdiyini vurğulayaraq deyib: “Məhərrəm çox ağıllı, mehriban və mədəni oğlan idi. Məhərrəm və Sirac xidməti vəzifələrini yerinə yetirərkən şəhid oldular. Onların xatirəsinə göstərilən yüksək diqqətə görə Prezidentimizə minnətdarıq. Biz əminik ki, Məhərrəm və Siracın xatirəsi daim qəlblərdə yaşayacaq”.

Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, şəhid operator Sirac Abışovun qardaşı Şirzad Abışov, media nümayəndələri Məhərrəm İbrahimov ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən, vətənpərvərliyindən və peşəkar jurnalist kimi nümunəvi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Məhərrəm İbrahimov və çəkiliş qrupunun digər üzvləri işğaldan azad olunmuş ərazilərimizi qarış-qarış gəzərək oradan xəbərlər hazırlamaqla erməni vandalizminin dəhşətli izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılması kimi çətin və məsuliyyətli vəzifəni yüksək peşəkarlıqla yerinə yetirirdilər. Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca hərbi müxbir kimi daim cəbhə bölgəsindən, həm də digər ərazilərdən reportajlar hazırlayaraq informasiya müharibəsində qabaqcıl sıralarda olub.

Çıxış edənlər, həmçinin ötən il sentyabrın 27-də başlayan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıblar.

Mərasimdə şagirdlər, o cümlədən şəhid Məhərrəm İbrahimovun oğulları Uğur və Toğrul vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Onların xidmətləri dövlətimizin başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib, ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər. Şəhid jurnalistlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.