CƏMİYYƏT
Şəhid leytenant Namiq Cavadovun barelyefinin açılışı olub
Bakı, 30 iyul, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş leytenant Cavadov Namiq Rəhbər oğlunun yaşadığı binada barelyefinin açılışı olub.
Bunu AZƏRTAC-a Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatından bildiriblər.
Açılış mərasimində şəhidin anası Svetlana Cavadova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Nizami Rayon İcra Hakimiyyətindən Rauf Mehtiyev, şəhidin yaxınları, dostları və başqaları onun haqqında xatirələrini, igidliyi, şücaəti barədə danışıblar.
Tədbirdə ötən il oktyabrın 25-də Laçın döyüşləri zamanı şəhid olan Namiq Cavadovun Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyi vurğulanıb.
Qeyd edilib ki, o, Prezident İlham Əliyevin sərəncamları əsasında “Vətən uğrunda”, "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Açılış mərasimində diqqətə çatdırılıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Ölkəmizin dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Tədbirdə şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həllinin dövlətimizin diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.
Sonra barelyefin açılışı olub, önünə gül dəstələri düzülüb.
Şəhid Namiq Cavadovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.