REGİONLAR
Şəhid mayor Elnur Quliyevin xatirəsi anılıb VİDEO
Füzuli, 27 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi mayor Elnur Quliyevin doğum günündə əziz xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olmuş Elnurun 38-ci doğum günü məzarı başında qeyd edilib. Anım günündə şəhidin ailəsi ilə yanaşı, dostları, hərbçi yoldaşları, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, veteranlar və qazilər iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər 44 günlük Vətən müharibəsindən söhbət açıblar. Qeyd edilib ki, haqq savaşı uğrunda Vətənin igid oğulları qəhrəmanlıq nümayiş etdiriblər və bunun nəticəsində torpaqlarımız işğaldan azad olunub. Döyüşlərdə öz qəhrəmanlığı ilə seçilən və torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə son damla qanına qədər döyüşərək şəhadətə yüksələn qəhrəman oğullardan biri də Elnur Quliyevdir. Bildirilib ki, şəhid Elnur Quliyev 1984-cü iyulun 25-də Füzuli şəhərində anadan olub. O, 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq artilleriya ixtisası üzrə akademiyanı bitirib.
Şəhid Elnur Quliyev xidməti dövründə əlahiddə kəşfiyyat taborunda tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə qədər yüksəlib, fəxri fərmanlar və medallarla təltif edilib. O, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz Xidmətə Görə” 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunub.
Elnur Quliyev İkinci Qarabağ müharibəsi başlayan gündən kəşfiyyat qrupları ilə döyüşlərə qatılıb, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kənd və yüksəkliklərinin azad olunmasında iştirak edib. Şəhid Füzuli rayonu ərazisindəki İlanlı dağına Azərbaycan bayrağını sancan hərbçi olub. Elnur Quliyev 2020-ci il oktyabrın 2-də gərgin döyüş zamanı qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamları ilə Elnur Quliyev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.