CƏMİYYƏT


Şəhid övladları üçün nəzərdə tutulmuş "Hərə bir qəhrəman oldu" layihəsinin təqdimatı olub VİDEO

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi, "YAŞAT" Fondunun təşkilatçılığı və Bakı Konqres Mərkəzinin dəstəyi ilə “Hərə bir qəhrəman oldu” adlı layihənin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirov, DOST Agentliyinin sədri Fərid Məmmədov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov, digər rəsmilər və Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş ailələrin üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil olunub.

"Hərə bir qəhrəman oldu" adlı layihə 2021-2022-ci ili əhatə edəcək və ilkin olaraq pilot variantı Bakı, Sumqayıt və Abşeron-Xırdalan ərazisində yaşayan şəhid övladlarını əhatə edir. Layihə I Qarabağ müharibəsi şəhidlərinin müxtəlif sahələrdə uğur qazanmış övladlarının II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşünü təşkil etmək, onlara mənəvi dəstək olmaları məqsədilə həyata keçirilir. Layihənin ideya müəllifi Birinci Qarabağ müharibəsinin şəhidi Eldəniz Nuriyevin övladı Ayla Nuriyevadır.

Tədbirdə çıxış edən əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qeyd edib ki, bu şanlı Zəfəri bizə yaşadan Vətən müharibəsi iştirakçıları, şəhidlər və qazilərə hər zaman borcluyuq.

"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov isə çıxışında bildirib ki, biz məhz şəhidlərimiz hesabına torpaqlarımızı işğaldan azad etmişik: "Postmüharibə dövründə də Azərbaycan dövlətinin gücünün şahidi olduq. Şahidik ki, işğaldan azad edilmiş torpaqlarda yenidənqurma və bərpa işləri həyata keçirilir".

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov da çıxış edərək Azərbaycan xalqının Vətən müharibəsi iştirakçılarına borcundan bəhs edib. Qeyd edib ki, şəhid ailələrinin üzvləri və qazilər daim dövlətin diqqətindədir və onlar hər zaman qayğı ilə əhatə olunurlar.

Məlumata əsasən, layihənin növbəti mərhələləri daha geniş miqyasda həyata keçiriləcək. Layihənin davamında Vətən müharibəsi şəhidlərinin övladları üçün təlimlərin təşkili, onlara peşə və karyera seçimlərində istiqamət verilməsi istiqamətində işlər həyata keçiriləcək.

Tədbir çərçivəsində Birinci Qarabağ müharibəsi şəhidlərinin övladları Vətən müharibəsi şəhidlərinin yeniyetmə övladları qarşısında çıxış edərək onlara həyat hekayələrini danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.