CƏMİYYƏT


Şəhid övladları yay istirahət düşərgəsinə yola salınıb

Bakı, 29 iyul, AZƏRTAC

“Artıq dördüncü dəfədir ki, şəhid ailəsinin uşaqlarını, ailə üzvlərini yay istirahət düşərgəsinə göndəririk. Arada pandemiya ilə əlaqədar olaraq iki il bu layihəni həyata keçirə bilmədik. Builki layihə iki mərhələdən ibarət olacaq. Qubada keçirilən düşərgədə dincəlməklə yanaşı, biz onların asudə vaxtlarını səmərəli təşkil etməyə çalışacağıq. Düşərgədə maraqlı intellektual və əyləncəli oyunlar keçirəcəyik”.

AZƏRTAC xəbər verir ki, bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə tərəfindən ölkəmizin müxtəlif bölgələrindən olan şəhid övladlarının Qubaya yolasalma mərasimində deyib.

Onun verdiyi məlumata görə, yola düşənlərin 45-i uşaq, 23–ü anadır. Avqustun 8-də isə 52 şəhid övladı və 20 ananın yay düşərgəsində iştirakı təmin ediləcək.

... Düşərgəyə yola düşənlər “20 Yanvar” dairəsində 20 Yanvar Memorial Abidə Kompleksinin qarşısından yola salınmağı da simvolik məna daşıyır. Şəhid övladları şəhidlərin xatirəsinə ucaldılan abidənin önündən yola çıxırlar.

Avtobusa qalxıb uşaqlarla söhbət edirik. Sənan Məmmədov Goranboydan gəlib, Vətən müharibəsi şəhidi, mayor Əlövsət Məmmədovun oğludur. İstirahətə qardaşı Mətin ilə birlikdə gedir. Sənan deyir: “İlk dəfədir ki, istirahətə yola düşürəm. Güman edirəm ki, özümə çoxlu dost tapacağam və onlarla daimi ünsiyyət saxlayacağam”.

Mətin isə bundan əvvəl düşərgədə olduğunu, bu dəfə də yaxşı istirahətdən sonra növbəti dərs ilinə xoş əhvali-ruhiyyə ilə başlamaq istədiyini bildirib.

2016-cı ilin aprelində Vətən müharibəsindəki qələbənin müjdəçisi olan Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid mayor Elnur Əliyevin oğlu Elvin də yola düşənlər arasındadır. Onun atası Lələtəpənin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Elvin deyib: “Mən Lənkəranda istirahətdə olmuşam. Çox maraqlı, yaddaqalan istirahət keçirdik. Ümid edirəm ki, budəfəki düşərgə də mənalı və maraqlı olacaq”.

Asim Məmmədov Xətai rayonundakı 264 nömrəli məktəbin onuncu sinfində oxuyur. Aprel döyüşlərinin şəhidi mayor Rasim Məmmədovun oğludur: “İkinci dəfədir ki, istirahətə gedirəm. Hesab edirəm ki, Qubada keçirdiyim günlər həyatımın ən unudulmaz günlərindən biri kimi yaddaşıma həkk olunacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin müdir müavini Fərhad Allahverdizadə yolasalma mərasimində deyib: “Nazirlik tərəfindən növbəti layihənin həyata keçirilməsinə başlanılıb. Şəhidlərin övladlarının asudə vaxtını səmərəli keçirilməsi üçün yay istirahət düşərgəsi təşkil edilib. Onlar Qubanın tarixi və görməli yerlərinə ekskursiyaya aparılacaq, eyni zamanda, əyləncəli və su oyunlarda iştirak edərək öz bacarıqlarını inkişaf etdirəcəklər. Uşaqlar üçün psixoloji müalicə seansları da təşkil olunub”.

Qarşısına Azərbaycan bayrağı asılmış xüsusi avtobus yola çıxır. Şəhid övladları 6 gün davam edəcək xoş və mənalı istirahətə yollanırlar. Onlar bu torpağın qəhrəman müdafiəçilərinin bizə qoyub getdikləri əmanətlərdir. Nə qədər ki, bu Vətən, onların qanı ilə naxışlanan torpaq var, onların övladları da həmişə qayğı və məhəbbətlə əhatə olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.