ELM VƏ TƏHSİL
Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevə məxsus materiallar Tarix Muzeyinə təhvil verilib
Bakı, 28 yanvar, AZƏRTAC
Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Qərib Baxşəliyevə məxsus şəxsi əşyalar - hərbi geyim dəstləri, hərbi çanta, hərbi kitablar və zabit gündəliyi Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, yaxın zamanlarda "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində şəhidin ailəsi, döyüş yoldaşları və tələbələri ilə klub üzvlərinin görüşü təşkil ediləcək.
Əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 3-də sonuncu dəfə Zəngilan ərazisində postları yoxlayan zaman düşmənin mühasirəsinə düşür, əsir düşməmək üçün özünü güllə ilə vuraraq şəhidlik zirvəsinə ucalır. Dekabrın 8-də polkovnik-leytenant Qərib Baxşəliyev II Fəxri xiyabanda böyük izdihamla son mənzilə yola salınıb. Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.