CƏMİYYƏT


Şəhid qardaşı: 8 Noyabr – Qarabağa qovuşduğumuz gün xalqımızın tarixində ən şanlı səhifələrdən biridir

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı işğaldan azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-də başladığı Zəfər yürüşündə göstərdiyi şücaət sayəsində möhtəşəm tarixi Qələbə qazandı. Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdə imzası olan qəhrəmanlarımız arasında qardaşım, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Hacıyev İsrayıl Səməd oğlu da var. Qardaşım şəhidlik zirvəsinə ucalarkən son nəfəsini verdikdən sonra da bayrağını əlində möhkəm tutmuşdu. Çünki o, əlindəki bayrağı işğaldan azad edilən ərazilərimizdə dalğalandırmaq arzusu ilə müharibəyə yollanmışdı.

Bu fikri qəhrəman şəhidin qardaşı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının xüsusi təyinatlılar bölüyünün əsgəri Xəyal Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.

“Qardaşım İsrayıl Hacıyev 2002-ci il fevralın 28-də Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. İsrayıl kəndimizdə C.Abdıyev adına tam orta məktəbdə təhsil alıb. 2020-ci il mayın 29-da Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlayıb. Qardaşımın 18 yaşı var idi. Hər kəs tərəfindən sevilən, mərd, igid, Vətəninə layiq övlad idi. O, hərbi xidmətdə olduğu dörd ay ərzində xidmət yoldaşlarının sonsuz hörmət və sevgisini qazanmışdı. İsrayıl 2020-ci il sentyabrın 27-də Ordumuzun Zəfər yürüşündə iştirak edib, Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qardaşım döyüşlərdə göstərdiyi fədakarlığa görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Fəxr edirik ki, Vətən torpaqlarının işğaldan azad olunmasında İsrayılın da payı var. Bütün şəhidlərimiz, o cümlədən İsrayıl da Vətən uğrunda canını fəda edərək, şəhidlik zirvəsinə yüksələrək ölümsüz qəhrəmanlar olmaqla yanaşı, adlarını tarixin yaddaşına əbədi həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında borclarını canları ilə ödəyərək qəhrəmanlıq nümunələri yaratdılar, milyonlarla insanın sevgisini qazandılar”, – deyə Xəyal Hacıyev bildirib.

Azərbaycanda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə, eləcə də Vətən uğrunda döyüşlərdə iştirak etmiş və əlil olmuş şəxslərə ən yüksək diqqət və qayğının göstərildiyini vurğulayan şəhid qardaşı bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan insanlara həssas münasibət göstərir, onların problemlərinin həllinə daim maraqlanırlar.

Vətən müharibəsində Qələbə Azərbaycan xalqının əzmkarlığını, Ordumuzun peşəkarlığını, Müzəffər Ali Baş Komandamızın sərkərdəlik qabiliyyətini və qətiyyətini bütün dünyaya göstərdiyini qeyd edən X.Hacıyev bildirib: “Prezident İlham Əliyev təkcə müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu. Dövlətimizin başçısı bütün təzyiqlərə cəsarətlə sinə gərdi, xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu gün xalqımızın tarixində ən şanlı gündür – Zəfər Günüdür. Bu gün böyük Qələbə Günüdür. Məhz Prezident İlham Əliyevin 17 ildə həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi və şanlı Zəfərə nail oldu.

Bu böyük Qələbə, eyni zamanda, Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”, - deyən Prezidentimizə olan inamı, sevgini birə-beş artırdı. Ulu öndərimiz Heydər Əliyevin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri hər keçən gün öz təsdiqini tapdı və inam xalqımızı şanlı Zəfərə çatdırdı”.

Şəhid qardaşı Xəyal Hacıyev dörd aydır Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının xüsusi təyinatlı bölüyündə hərbi xidmətdə olduğunu vurğulayaraq bildirib: “Ölkəmizdə şəhid ailələrinin üzvlərinə, o cümlədən ailəmə göstərilən diqqət və qayğı xidmətdə olduğum zaman bizə güc-qüvvət, mənəvi dəstək verir, Vətənə sevgimizi, dövlətimizin qüdrətinə inamı daha da artırır. Bu gün çiçəklənən Azərbaycan dövlətinin müzəffər Ordusunun qalib əsgəri kimi deyə bilərəm ki, nə qədər ki, “Dəmir yumruq” yerindədir, heç kim torpağımızın bir qarışına da göz dikə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Xalqımızın birliyi əbədidir və əbədi olacaq. Yaşasın Azərbaycan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.