QAN YADDAŞI
Şəhidlər həm nisgilimiz, həm də qürurumuzdur
Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) xalqımızın qan yaddaşına qürur günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ali məktəbin professor-müəllim və tələbə heyəti, o cümlədən şəhid məzunların ailə üzvləri ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə universitetin həyətində ucaldılmış abidənin önünə tər qərənfillər düzüb, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra keçirilən tədbirdə çıxış edən SDU-nun rektoru, professor Elxan Hüseynov qanlı faciənin səbəbləri barədə ətraflı məlumat verib. Bildirilib ki, 20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifəsi, qürur və şərəf tariximizdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Vurğulanıb ki, həmin dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həyatına olan təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu. Ulu Öndər özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, bu qətliama kəskin etirazını bildirib. Ümummilli Liderin faciənin səbəblərini və təşkilatçılarının adlarını açıqlayaraq tarixi bəyanatla çıxışı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Diqqətə çatdırılıb ki, şəhidlər bizim həm nisgilimiz, həm də qürurumuzdur. İllər keçsə də, şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun bünövrəsinin qoyulduğunu gələcək nəsillər daim xatırlayacaqdır.
Rektor, həmçinin 20 Yanvar hadisələrində şəhid olanların ailələrinin, bu hadisələr nəticəsində əlilə çevrilmiş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər 20 Yanvarın Azərbaycan tarixində təkcə faciə deyil, həm də istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycan xalqı vəhşiliklə həyata keçirilən bu cəza tədbirindən qorxmadı, bu sınaqdan qəhrəman bir döyüşçü kimi çıxaraq azadlıq arzularını həyata keçirdi.
Mərasim tələbələrin ifasında əbədi-bədii kompozisiya ilə davam edib. Tələbələrin ifasında Qanlı Yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirdən sonra rektor Elxan Hüseynov Qanlı Yanvar faciəsində şəhid olan məzunların ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Şəhid ailələri adından çıxış edən Səadət Adıyeva bildirib ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur, hər il bu hadisənin ildönümü dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur. Şəhid bacısı onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.