MƏDƏNİYYƏT
“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində Vətən uğrunda şəhid olan igidlərimiz haqqında paylaşımları davam etdirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, internet üzərindən yayımlanan yeni videoçarx şəhid Mürvət Atakişiyevin döyüş rəşadətindən bəhs edir.
Mürvət Atakişiyev 1968-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində dünyaya gəlib. Əsgərliyini sovet ordusunda çəkib. Vətənə qayıdanda elini-obasını, dədə-baba ocağını alovlanmış görüb. Mürvət bu hadisələrə dözə bilməyib könüllü döyüşə qatılıb. Mərzili, Novruzlu, Muğanlı, Şıxbabalı kəndləri uğrunda döyüşlərdə iştirak edib. İgid döyüşçü Mürvət Atakişiyev 22 fevral 1993-cü il tarixində Ağdamın Şelli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidlik zirvəsinə ucalan Vətən övladları isə indiki və gələcək nəsillərə vətənpərvərlik və cəsurluq nümunəsidirlər.